Yaxın keçmişdə bütün şəhərlərdə, dəmir yol vağzallarında, aeroportlarda, əhalinin daha sıx olduğu yerlərdə əşyalarını, sənədlərini itirən vətəndaşların itirdiklərini tapmaq üçün çətinliklərlə qarşılaşmaması üçün itən əşyaların qəbulu məntəqələri yaradılırdı. Şüurlu vətəndaşlar tapdıqları əşyaları gətirib həmin məntəqələrə təhvil verirdi. Əşyasını itirənlər isə həmin məntəqələrə müraciət edərək əgər əşya tapılıbsa, əlamətlərini bildirərək oradan geri alırdılar. Hazırda bu cür xidmət bir çox şəhərlərdə müxtəlif şərtlərlə fəaliyyət göstərir. Onlardan çoxu əşya sahibindən xidmət haqqı alaraq əşyanı sahibinə qaytarır. Lakin muxtar respublika rəhbərliyinin tapşırığı ilə 10.12.2016-cı il tarixdən Naxçıvan Muxtar Respublikası ərazisində bütün poçt şöbə və bölmələrində “İtirilən əşyaların qəbulu” xidməti fəaliyyətə başlamışdır. Bu xidmət heç bir xidmət haqqı alınmadan tam humanitar məqsədlə yaradılan xidmətdir. Muxtar respublikada demək olar ki, bütün yaşayış məntəqələrində 180 poçt şöbə və bölmələri fəaliyyət göstərir. Tapılan əşyalar həmin bölgədə ən yaxında yerləşən poçt məntəqəsinə təhvil verilə bilər. Tapılan əşya poçt bölməsinə müvafiq kitablarda qaydalara uyğun şəkildə, əşyanın tam təsvirini, tapılan yeri, kim tərəfindən tapıldığı qeyd edilərək təhvil verilir. Əşyanı itirənlər isə əşyanı itirdiklərini güman etdikləri yerə yaxın poçt məntəqəsinə va ya 225 nömrəli qaynar xəttə zəng edib məlumat verə bilərlər. Əgər əşya tapılıbsa əşya sahibi poçt məntəqəsinə yaxınlaşıb eyni qaydada əşyanı təhvil ala bilər. Bu saytda da iki bölmə yaradılıb. Əşyanı tapanlar müraciət formasını dolduraraq saytın administratoruna itən əşya haqqında tam məlumatı göndərirlər. Məlumat yoxlandıqdan sonra saytın tapılanlar bölməsinə yerləşdirilir. Əşyalarını itirənlər də eyni qaydada müraciət edib məlumatlarını itirilən əşyalar bölməsinə yerləşdirirlər. Əşyalarınızın tapılmasında sizə köməklik edə bildiksə bu xidmətimizlə fəxr edərik. “NAXÇIVANPOÇT” PHŞ