Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsi tərəfindən “Pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi pensiyaçıların işini asanlaşdırır” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Aşağı Buzqov kənd mərkəzinin iclas zalında keçirilən tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Elməddin Səfərov tədbirin məqsədindən bəhs edib.
Fondun Babək rayon şöbəsinin müdiri İsmayıl Həsənov çıxışında vurğulayıb ki, rayonun kəndlərində yaşayan pensiyaçıların rahat şəkildə pensiyalarını əldə etməsi üçün müvafiq tədbirlər görülür. Belə tədbirlərdən biri kimi pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi təşkil edilib. Bu məqsədlə Fondun Babək rayon şöbəsi ilə “Naxçıvanpoçt” publik hüquqi şəxsin Babək rayon filialı arasında müqavilə imzalanıb. Nəticədə, kənd yerlərində yaşayan pensiyaçılar pensiyalarını rayon mərkəzinə getmədən kəndlərdəki poçt bölmələrindən rahat şəkildə alırlar. Məhz bunun nəticəsidir ki, rayon ərazisində pensiyalarını poçt bölmələri vasitəsilə almaq istəyənlərin sayı gündən-günə artır.Həmçinin vurğulanıb ki, kənd yerlərində yaşayan pensiyaçılar bundan sonra da istədikləri halda ərizə ilə müraciət edərək pensiyalarını kəndlərdəki poçt bölmələrindən rahat şəkildə ala bilərlər.
Sonra “Naxçıvanpoçt” publik hüquqi şəxsin Babək rayon filialının müdiri Sevinc Rzayeva çıxış edərək bildirib ki, son illər rayon ərazisində tikinti-quruculuq işləri genişləndirilib.Kəndlər abadlaşır, yeni yollar çəkilir, kənd və xidmət mərkəzləri tikilərək istifadəyə verilir.Rayonun kəndlərində müasir standartlara cavab verən kənd mərkəzlərinin nəzində fəaliyyət göstərən poçt bölmələri əmək pensiyalarının pensiyaçılara çatdırılmasında mühüm rol oynayır. O, qeyd edib ki, hazırda rayonda “Naxçıvanpoçt” publik hüquqi şəxsin 1 mərkəzi poçt şöbəsi və 30 poçt bölməsi əhaliyə xidmət göstərir.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.