Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsi tərəfindən rayonda vətəndaşların maarifləndirilməsi daim diqqət mərkəzində saxlanılır.
Belə ki, şöbə tərəfindən Dəmirçi kənd mərkəzinin iclas zalında növbəti maarifləndirici tədbir keçirilib.
Tədbiri Şərur Rayon İcra Hakimiyyətinin Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Miryasin Seyidov açaraq onun əhəmiyyəti barədə məlumat verib.
Tədbirdə Fondun Şərur rayon şöbəsinin müdiri Elnur Əhmədov çıxış edərək fərdi uçot sisteminin mahiyyəti haqqında danışmışdır. Vurğulamışdır ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fərdi uçot sistemi pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan barədə məlumatların uçotunun təşkili və aparılmasını nəzərdə tutur. Şöbə rayonda əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində məlumatların fərdi şəxsi hesablarına işlənilməsini və onların sosial sığorta şəhadətnamələri ilə təmin olunmasını hər zaman diqqətdə saxlayır.
Həmçinin bildirmişdir ki, cari ildə əmək pensiyaçılarının həyat səviyyəsinin yüksəldilməsi, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Ölkə başçısının müvafiq sərəncamı ilə əmək pensiyaların sığorta hissəsi yanvar ayının 1-dən 16,6 faiz artırılmışdır.
Bu Sərəncamın icrası ilə əlaqədar olaraq şöbə tərəfindən müvafiq artımların hesablanması operativ şəkildə başa çatdırılıb. Nəticədə rayon üzrə ümumilikdə 11200 nəfərə yaxın əmək pensiyaçılarının pensiyalarının məbləği indeksləşdirilərək artırılıb. Eyni zamanda istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq rayonda fərdi uçot sistemində qeydiyyatda olan 48582 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğləri isə 2,6 faiz indeksləşdirilməklə artırılıb.
Sonra “Naxçıvanpoçt” publik hüquqi şəxsin Şərur rayon filialının rəisi Rasim Məmmədov çıxış edərək bildirmişdir ki, muxtar respublikada son illər rabitə sahəsində gedən sürətli inkişaf poçt sahəsində xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaratmışdır. Ötən dövrdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində poçt müəssisələri bütün növ xidmətlərin təşkili üçün müasir texnologiyalarla təmin edilmiş, xidmətin səviyyəsi yüksəldilib. Bu xidmətlərdən biri olan əmək pensiyalarının poçt bölmələri vasitəsilə ödənişinin həyata keçirilməsi nəticəsində kənd yerlərində yaşayan pensiyaçılar rahat şəkildə pensiyalarını əldə edə bilirlər.
Tədbirdə yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnamələri təqdim edilmişdir. Sonda isə mövzu ilə bağlı suallar cavablandırılıb.